Bu gün, oktyabrın 5-i dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Beynəlxalq Müəllimlər Günü 1994-cü ildən etibarən UNESCO-nun təşəbbüsü ilə qeyd edilir. Bu tarix müəllimlərin cəmiyyətin inkişafında roluna diqqət çəkmək, onların hüquq və əmək şəraitinin əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.
Xəbəraxını bildirir ki, 5 oktyabrın seçilməsi təsadüfi deyil. 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusu ilə bağlı mühüm tövsiyə qəbul edilib. Sənəddə müəllimlərin hüquqları, peşəkar hazırlığı, iş şəraiti və sosial təminatı ilə bağlı prinsiplər müəyyənləşdirilib.
Hər il bu tarixdə dünyanın müxtəlif ölkələrində müəllimlərin əməyinə həsr olunan tədbirlər keçirilir, təhsilin inkişafında onların rolu ön plana çəkilir.
Müəllimlər Günü həm də milyonlarla şagird və məzun üçün həyatında iz qoymuş müəllimləri xatırlamaq və onların əməyinə təşəkkür etmək üçün bir fürsətə çevrilib.
5 oktyabr münasibətilə bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edirik.
