Bakıda məscid və ticarət mərkəzində iki mobil telefon oğurlayan H.V. barəsində məhkəmə hökmü çıxarılıb.
Xəbəraxını “Qaynarinfo”ya istinadən xəbər verir ki, Mingəçevirdə anadan olan və əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə təqsirli bilinib.
İttihama əsasən, H.V. 2026-cı ilin yanvarında “Dəniz Mall”ın mənfi ikinci mərtəbəsində yerləşən namaz otağına gedib. Orada bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxdığını görən H.V. onun gödəkçəsinin altında qoyduğu “iPhone 15 Pro Max” markalı telefonu götürərək ərazidən uzaqlaşıb.
Dəyəri 1700 manat olan telefonu H.V. “28 May” metro stansiyasının yaxınlığındakı telefon mağazalarından birində 440 manata satıb və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.
Bir neçə gün sonra isə o, Bibiheybət məscidinə gedərək növbəti oğurluğu törədib. Bu dəfə dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edən H.V. gödəkçənin cibindəki “iPhone 17 Pro” markalı telefonu götürüb.
Məhkəmə zamanı həmin telefonun dəyərinin 3000 manat olduğu müəyyənləşdirilib. H.V. bu telefonu da eyni mağazaya 600 manata satıb.
Mağaza əməkdaşı məhkəmədə bildirib ki, H.V. özünü “Hacı” kimi təqdim edib və hər iki telefonun ona məxsus olduğunu deyərək satıb. Əməkdaş telefonların oğurluq olduğunu bilmədiyini və bunu bilsəydi, cihazları almayacağını qeyd edib.
H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək hər iki oğurluğu törətdiyini etiraf edib. Məhkəmə onun ifadələrini digər sübutlarla birlikdə qiymətləndirib.
Araşdırma zamanı H.V.-nin əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğu müəyyən edilib. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. H.V. cəzasını 2023-cü ildə başa vuraraq azadlığa çıxıb.
Məhkəmə əvvəlki məhkumluğun ödənilmədiyini nəzərə alaraq, yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib və bunu cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınıb.
Sonda H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmlə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib. Cəza müddəti 2026-cı ilin müvafiq tarixindən hesablanacaq.
Hökm qanuni qüvvəyə minənədək H.V. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.
