Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və hökm elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı hadisənin başvermə səbəbləri ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Ədil Məhərrəmov 2019-cu ildə Nuranə adlı qadınla ailə həyatı qurub. Hər iki tərəfin bu, ikinci evliliyi olub. Nuranənin ilk nikahından 2008-ci il təvəllüdlü qızı var.
2022-ci ildə Nuranə polisə müraciət edərək ərinin ilk evliliyindən olan yeniyetmə qızına qarşı cinayət törətdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılıb. Lakin kifayət qədər sübut əldə olunmadığı üçün Ədil Məhərrəmov barəsində cinayət təqibinə xitam verilib.
Bundan sonra Nuranə məsələ barədə atası Nəcəf Qafarova danışıb. Onlar birlikdə Ədili öldürməyi planlaşdırıblar.
Məlumata görə, Nuranənin birinci həyat yoldaşı hazırda həbsdədir. Ata və qız həmin şəxsin azadlığa çıxdıqdan sonra Ədili öldürəcəyini bildiriblər.
Məhkəmədə təqsirləndirilən şəxslər Ədilin yeniyetmə qıza qarşı cinayət törətdiyini şifahi şəkildə təsdiqlədiyini iddia ediblər. Onların sözlərinə görə, Ədil hətta bu barədə “Yaxşı etmişəm” deyə cavab verib.
Hökmə əsasən, Nəcəf Qafarov 19 il, Nuranə Məhərrəmova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hər iki şəxs xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunub.
