Payızın ilk günlərini mədəni tədbirlərlə keçirmək istəyənlər üçün Bakının teatr və konsert salonlarında zəngin proqram hazırlanıb. Sentyabrın 14-dən 20-dək paytaxtın müxtəlif səhnələrində klassik əsərlərdən tutmuş musiqili komediyalara və operalara qədər bir sıra tamaşalar təqdim olunacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Teatrsevərlər sentyabrın 16 və 17-də saat 19:00-da Fyodor Dostoyevskinin “Dayının yuxusu” tamaşasına baxa bilərlər. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Biletlərin qiyməti 10-25 manat təşkil edir.
Sentyabrın 18-də saat 19:00-da Əli Əmirlinin “Varlı qadın” tamaşası nümayiş olunacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşa üçün biletlər 10-25 manatdır.
Sentyabrın 19-da saat 19:00-da isə Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan “İblis və…” tamaşası səhnələşdiriləcək. Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti 10-25 manatdır.
Milli Gənc Tamaşaçılar Teatrı
Sentyabrın 20-də saat 19:00-da Mirzə Fətəli Axundzadənin məşhur “Hacı Qara” əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. Quruluşçu rejissor Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti 10-15 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Musiqili tamaşalara üstünlük verənlər üçün də seçimlər var. Sentyabrın 18-də saat 19:00-da “Arşın mal alan” ikihissəli operettası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir. Biletlər 8-15 manatdır.
Sentyabrın 19-da saat 19:00-da Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası nümayiş etdiriləcək. Quruluşçu rejissor Yusif Əkbərovdur. Biletlərin qiyməti 8-15 manat təşkil edir.
Sentyabrın 20-də saat 19:00-da isə Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa səhnəyə qoyulacaq. Tamaşanın quruluşçu rejissoru və libretto müəllifi Samir Qulamovdur. Biletlər 8-15 manatdır.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
Sentyabrın 19-da saat 17:00-da Mahnı Teatrında Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndiriləcək.
Xalq artisti Fidan Hacıyeva və gənc solistlər “Mezzo” Kamera Orkestrinin müşayiəti ilə dahi bəstəkarın məşhur əsərlərini tamaşaçılara təqdim edəcəklər. Konsertə biletlərin qiyməti 15-25 manatdır.
Heydər Əliyev Sarayı
Həftənin ən diqqətçəkən musiqi tədbirlərindən biri sentyabrın 16-da saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək. Səhnədə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, dirijoru isə Əməkdar artist Əyyub Quliyevdir. Biletlərin qiyməti 15-45 manatdır.
Beləliklə, sentyabrın 14-dən 20-dək Bakıda həm klassik ədəbiyyat və dramaturgiya, həm Azərbaycan musiqisi, həm də opera və operetta həvəskarları üçün kifayət qədər geniş seçim olacaq.
