Bakıda bir neçə marşrutun dayanacağı dəyişir – Sərnişinlərin diqqətinə

Bakıda bir neçə marşrutun dayanacağı dəyişir – Sərnişinlərin diqqətinə

Oktyabrın 19-dan etibarən Bakıda bir sıra avtobus marşrutlarının dayanacaq məntəqələrində və hərəkət sxemində dəyişiklik ediləcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişikliyə əsasən, 114A, 114B, 500, 503 və 508 nömrəli marşrut avtobusları “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektində, 14 saylı notariat ofisinin yanındakı mövcud dayanacaqdan çıxarılacaq.

114A və 114B nömrəli avtobuslardan istifadə edən sərnişinlər nəqliyyat vasitələrinə “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsində yerləşən çıxışında, ADSEA binasının qarşısındakı başlanğıc dayanacaqda minə biləcəklər. Pirəkəşkül və Müşfiqabad istiqamətində bu marşrutların növbəti dayanacağı “Şamaxinka” ərazisində, “Alov zavodu”nun qarşısında olacaq.

500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun Sumqayıt istiqamətindəki çıxışında, Moskva prospekti 6 ünvanında yerləşən dayanacaqdan istifadə edə biləcəklər. Bu avtobusların Sumqayıt istiqamətində növbəti dayanacağı da “Şamaxinka”da, “Alov zavodu”nun qarşısında yerləşəcək.

Bundan başqa, 156, 156A və 170 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkət Əli Tağızadə küçəsi ilə təşkil olunacaq. Həmin avtobuslar “Şamaxinka” ərazisindəki mövcud dayanacaqdan çıxarılacaq. Sərnişinlər Əli Tağızadə küçəsində, 134 saylı poçt şöbəsinin yaxınlığında yerləşən dayanacaqdan istifadə edə biləcəklər.

Qeyd edək ki, Sumqayıt istiqamətində səfərini davam etdirmək istəyən sərnişinlər Moskva prospekti 6 ünvanındakı dayanacaqdan və ya “Şamaxinka”da “Alov zavodu”nun qarşısındakı məntəqədən avtobuslara minə bilərlər. Pirəkəşkül və Müşfiqabad istiqamətinə gedənlərə isə “20 Yanvar” metrostansiyasının ADSEA binası qarşısındakı çıxışında yerləşən dayanacaqdan və ya “Şamaxinka”dakı müvafiq məntəqədən istifadə etmək tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir