Bakıda 24 yaşlı qadının öldürülməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.
“Xəbəraxını” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Məlumata görə, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayan, 1986-cı il təvəllüdlü Müseyib Əhmədov iki il əvvəl həyat yoldaşından boşanıb. Daha sonra həmin ərazidə kirayədə yaşayan 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadə ilə tanış olub.
Fatimə Sulutəpədə yaşasa da, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən kafelərdən birində işləyib. Bir müddət sonra onlar münasibət quraraq birlikdə yaşamağa başlayıblar. Müseyib də Fatimənin kirayə qaldığı evə köçüb.
İlkin məlumata görə, bir neçə gün əvvəl cütlük arasında mübahisə baş verib və bundan sonra Müseyib evə qayıtmayıb. Dünən axşam saatlarında evə gələn kişi Fatiməni orada görməyib. Onun telefon zənglərinə də cavab verilməyib.
Bundan sonra Müseyib Fatimənin işlədiyi Binə qəsəbəsindəki kafeyə gedib. O, kafenin yaxınlığındakı dayanacaqda Fatimə ilə qarşılaşıb. Qadın münasibətlərə son qoyduğunu və daha onunla əlaqə saxlamamasını istədiyini bildirib.
Bunun ardınca tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Müseyib Əhmədovun üzərində gəzdirdiyi bıçaqla Fatiməyə bir neçə zərbə endirdiyi bildirilir.
Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
