“Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarına dəyişiklik edilib, bir sıra sərəncamlar isə ləğv olunub.
Xəbəraxını xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dəyişiklik 2026-cı il 7 may tarixli 662 nömrəli “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmana edilib.
Yeni dəyişikliklə “Bakı Metropoliteni” QSC-yə əlavə səlahiyyət verilib. Qurum sərnişin kanat yolları ilə sərnişindaşıma xidmətlərinin göstərilməsini, həmin xidmətlərin keyfiyyət və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcək.
Bununla yanaşı, kanat yollarında xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi də “Bakı Metropoliteni”nin səlahiyyətlərinə daxil edilib.
QSC həmçinin maddi-texniki bazanın gücləndirilməsi və müasirləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyası, vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsini təmin edəcək.
