Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının köməksiz vəziyyətdə olan pasiyentə qarşı fiziki zorakılıq göstərdiyi müəyyən edilib. Hadisə ilə bağlı araşdırma aparılıb və əməkdaş işdən çıxarılıb.
Xəbəraxını xəbər verir ki, məlumata görə, hadisə zamanı 70 yaşlı kişi huşsuz vəziyyətdə olub. Pasiyentin altını batırmasına hiddətlənən sanitar qadın onu nalayiq ifadələrlə təhqir edib və təxminən 40 dəqiqə ərzində döyüb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicə alan, huşsuz və köməksiz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi təsdiqlənib.
Faktla bağlı tibb müəssisəsinin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə 7 oktyabr 2026-cı il tarixindən xitam verilib.
Xəstəxanadan bildirilib ki, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qəbul edilib.
