Azərbaycan millisinin beş üzvü Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında finala yüksəlib. Boksçularımız yarımfinal görüşlərində rəqiblərini məğlub edərək qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıblar.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
57 kq çəki dərəcəsində çıxış edən Cəmilə Muradlı yarımfinalda İtaliya təmsilçisi Morena Stifaniyə 4:1 hesabı ilə qalib gəlib. O, finalda Almaniya boksçusu Aliya İbrahimlə qarşılaşacaq.
66 kq çəki dərəcəsində mübarizə aparan Səma Abbasova Rusiya təmsilçisi Yustina Anufriyevanı 4:1 hesabı ilə məğlub edib. Boksçumuz finalda Türkiyə idmançısı Ada Eybeylə üz-üzə gələcək.
46 kq çəki dərəcəsində Həsrət Məmmədov İrlandiya təmsilçisi Ronan Çarlza 3:2 hesabı ilə qalib gəlib. Onun finaldakı rəqibi Rumıniya boksçusu Kristi Kaşu olacaq.
52 kq-da çıxış edən İsmayıl Nəsirzadə irlandiyalı Martin Nevin üzərində 5:0 hesablı qələbə qazanıb. O, finalda İngiltərə təmsilçisi Şaylo Makleodla qarşılaşacaq.
57 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli İstamov isə Ukrayna boksçusu Nikita Zaxarçenkonu 5:0 hesabı ilə məğlub edib. Təmsilçimiz finalda İngiltərə idmançısı Con Elamla qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan millisinin daha üç üzvü — Qardaş Rəhimov, Hidayət Məmmədov və Xumar Cəfərli yarımfinal mərhələsində mübarizəni dayandıraraq çempionatı bürünc medalla başa vurublar. Final döyüşləri oktyabrın 11-də keçiriləcək.
