Azərbaycanda LGBT mövzusunun mediada, internetdə, reklam və kino sahəsində təbliğinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan yeni qanunun qəbul ediləcəyi barədə məlumat yayılıb. Məlumatda mümkün məhdudiyyətlərlə yanaşı, qanun pozuntularına görə cərimə və digər inzibati tədbirlərin tətbiqindən də bəhs olunur.
Xəbəraxını xəbər verir ki, bu barədə Operativ Media və Globalinfo.az məlumat yayıb.
Yayılan xəbərdə iddia olunur ki, nəzərdə tutulan məhdudiyyətlər media və internet resurslarına, reklam materiallarına, filmlərə və təhsil məzmununa şamil edilə bilər. Həmçinin, müəyyən hallarda media qurumlarına qarşı tədbirlərin görülməsi və inzibati məsuliyyətin tətbiqi ehtimalından bəhs olunur.
Lakin yayılan məlumatda qanun layihəsinin nömrəsi, onu təqdim edən subyekt, parlamentdə müzakirə tarixi və ya rəsmi sənədə keçid göstərilmir.
Milli Məclisin rəsmi internet səhifəsində dərc olunan 2026-cı il payız sessiyasının qanunvericilik işləri planında bu məzmunda konkret qanun layihəsi müəyyən edilməyib.
Beləliklə, LGBT təbliğatının qadağan olunmasına dair yeni qanunun qəbul ediləcəyi barədə məlumat hələlik rəsmi mənbələrlə təsdiqlənməyib. Məsələ ilə bağlı qanun layihəsi və ya aidiyyəti dövlət qurumlarının açıqlaması yayımlanarsa, məlumatın hüquqi əsaslarını daha dəqiq müəyyənləşdirmək mümkün olacaq.
