2026-cı ilin ilk doqquz ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 116 milyon 213,7 min ton yük və 1 milyard 603 milyon 339,6 min sərnişin daşınıb. Yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 297,4 min ton və ya 6,7 faiz, sərnişin daşımaları isə 161 milyon 683,5 min nəfər və ya 11,2 faiz artıb.
Hesabat dövründə sərnişinlərin böyük əksəriyyəti avtobuslardan istifadə edib. Belə ki, avtobuslarla 1 milyard 482 milyon 288,6 min sərnişin daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 151 milyon 688,4 min nəfər və ya 11,4 faiz çoxdur.
Minik taksilərinin xidmətlərindən yararlanan sərnişinlərin sayı isə 121 milyon 51 min nəfərə çatıb. Bu sahədə illik artım 9 faiz təşkil edib.
Ümumilikdə, avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 92,5 faizi avtobusların, 7,5 faizi isə minik taksilərinin payına düşüb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün nəqliyyat növləri üzrə 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min nəfər və ya 9,7 faiz çoxdur.
