Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Millimizin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xəbəraxını xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başiyə qalib gələrək Avropa çempionu olub.
Cüdoçumuz finala gedən yolda ukraynalı İvan Kutenkov, xorvatiyalı Borna Butiyer və avstriyalı Ronald Pröl üzərində qələbə qazanıb.
+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov da bütün rəqiblərini geridə qoyub. O, final görüşündə serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.
Nəsibov həlledici qarşılaşmayadək xorvatiyalı Luka İvankoviç, fransalı Yan Riqo və almaniyalı Morteza Suhanı məğlub edib.
Beləliklə, Azərbaycan millisi fərdi yarışları üç qızıl medalla tamamlayaraq ümumi komanda hesabında birinci yeri tutub. Daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu tituluna sahib çıxıb.
