Almaniyanın 30-dan çox şəhərində gənclər etiraz aksiyalarına başlayıblar. Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartın da daxil olduğu şəhərlərdə keçirilən nümayişlərə ölkə üzrə təxminən 160 min nəfərin qatılacağı gözlənilir.
Xəbəraxını TASS-a istinadən xəbər verir ki, aksiyalara “Gen Z regelt” (“Z nəsli həll edir”) təşəbbüsü çağırış edib.
Berlində nümayişlər şəhərin əsas simvollarından sayılan Brandenburq qapısının yaxınlığında keçirilir. Burada aksiyaya 10 mindən çox insanın qatılacağı proqnozlaşdırılır.
Gənclər nə tələb edirlər?
Etirazçıların əsas tələbləri arasında məcburi hərbi xidmətin bərpasına qarşı çıxmaq, təhsil və səhiyyə sahələrinə, eləcə də iqlimin qorunmasına daha çox vəsait ayrılmasını təmin etmək var. Onlar, həmçinin bahalaşmaya qarşı daha təsirli tədbirlərin görülməsini istəyirlər.
Bundan əlavə, axşam saatlarında Berlinin Rozentaler-plats meydanında “Z nəslinin səbri tükəndi” şüarı altında daha bir aksiyanın keçirilməsi planlaşdırılır. Təxminən 500 nəfərin qatılacağı gözlənilən nümayişdə Fələstini dəstəkləyən fəalların və solçu radikal qrupların da iştirak edə biləcəyi bildirilir.
Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib
Berlində asayişin qorunması üçün təxminən 1 500 polis əməkdaşı səfərbər olunub. Təşkilatçılar aksiyalardan əvvəl iştirakçıları təxribatlara uymamağa çağırıb və yalnız dinc etirazları dəstəklədiklərini bəyan ediblər.
Bununla belə, Almaniyanın hüquq-mühafizə orqanları nümayişlərin iğtişaşlara, eləcə də etirazçılarla polis arasında qarşıdurmalara çevrilməsi ehtimalını istisna etmirlər.
Aksiyalar “Halloween” bayramı ilə əlaqədar tədbirlərlə eyni vaxta təsadüf edir. Bayram oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd olunur.
Polisin məlumatına əsasən, sosial şəbəkələrdə bəzi ekstremist qruplar, xüsusilə solçu radikal birliklər tərəfdarlarını nümayişlərə qoşulmağa səsləyiblər. Bu səbəbdən ölkə üzrə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.
Mağazalar vitrinlərini qorumağa çalışır
Mümkün iğtişaşlardan ehtiyat edən sahibkarlar da qabaqlayıcı tədbirlər görürlər. Berlində və digər şəhərlərdə bir sıra dəb mağazalarının vitrinləri taxta lövhələrlə örtülüb. Bəzi ticarət obyektləri isə oktyabrın 30-da iş vaxtından əvvəl bağlanacaqlarını elan ediblər.
Biznes nümayəndələri aksiyaların Fransada baş vermiş hadisələrə bənzər talanlarla nəticələnə biləcəyindən narahatdırlar.
