Almaniya yəhudi icmasının iki tanınmış nümayəndəsinə qarşı planlaşdırılan sui-qəsd cəhdləri ilə bağlı İranın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Bəyanatda vurğulanıb ki, Almaniya yəhudilərin və onların hüquqlarını müdafiə edən şəxslərin həyatına təhlükə yaradılmasına göz yummayacaq. Almaniya tərəfi Yəhudilər Mərkəzi Şurasının sədri Yozef Şusterə və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Volker Bekə qarşı planlaşdırılan hücumları pisləyib və bu əməllərin hüquqi nəticələrinin olacağını bəyan edib.
Almaniya XİN, həmçinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsi istiqamətində əvvəllər də təşəbbüslər göstərdiyini xatırladıb.
Məlumata görə, oktyabrın 15-də Hamburqun Ali Əyalət Məhkəməsi İranın xeyrinə casusluq, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və yanğın törətməyə hazırlıqla bağlı iş üzrə iki nəfərə hökm oxuyub. Əli S. adlı 54 yaşlı təqsirləndirilən şəxs səkkiz il altı ay, onun 43 yaşlı əlbiri Təvab M. isə dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə hər iki şəxsin Yozef Şuster və Volker Bek barədə müşahidə apardığını müəyyən edib. Bundan başqa, Əli S.-nin Berlində ərzaq mağazasını yandırmağa hazırlaşdığı bildirilib. Almaniya Baş Prokurorluğunun məlumatına əsasən, Əli S. təlimatları birbaşa SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlılarından alıb.
İstintaq materiallarına görə, 2025-ci ilin mayında Əli S. Bekə qarşı sui-qəsd törətmək üçün silah tapmağa və başqa şəxsi bu əmələ cəlb etməyə hazır olduğunu bildirən Təvab M. ilə əlaqə qurub. Hər iki şəxs 2025-ci ildə Danimarkada saxlanılaraq Almaniyaya təhvil verilib və həmin vaxtdan istintaq təcridxanasında olublar.
