Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi sosial şəbəkələrdə, o cümlədən TikTok-da yayılan görüntülərlə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində videoda görünən şəxslərin bacı-qardaş olduğu müəyyənləşib. Universitetdən bildirilib ki, görüntülərdə yer alan qız ADMİU-nun tələbəsi və ya əməkdaşı deyil. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsində Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilində təhsil alır.
Məsələ ilə bağlı universitetin İntizam komissiyasının təcili iclası keçirilib. İclasın nəticəsində Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub.
Qərar universitetlə tələbə arasında bağlanmış fərdi müqavilənin və ADMİU-nun daxili nizam-intizam qaydalarının müvafiq müddəaları əsas götürülərək verilib. Rektor tərəfindən imzalanan əmrlə qərar rəsmiləşdirilərək qüvvəyə minib.
Universitetdən qeyd olunub ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət yetirilir və onların təhlükəsiz təhsil mühitində fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan canlı yayım zamanı bir qız və oğlan ADMİU-nun aşağı kurs tələbələri barədə təhqiramiz və alçaldıcı ifadələr işlədiblər.
Məsələ ilə bağlı həmin şəxslər Yasamal Rayon Polis İdarəsinə dəvət olunublar. Onlarla profilaktik söhbət aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və gələcəkdə analoji hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
