ABŞ və İran arasında mümkün razılaşmanın ilkin layihəsinin detalları məlum olub. Təkliflərə əsasən, Tehran zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə göndərə, Hörmüz boğazı isə razılaşma əldə edildikdən sonra yeddi gün ərzində beynəlxalq gəmiçilik üçün açıla bilər.
Xəbəraxını “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki məlumata görə, tərəflər arasında müzakirə olunan sənəddə nüvə proqramı, dəniz təhlükəsizliyi və sanksiyaların yumşaldılması ilə bağlı bir sıra şərtlər yer alıb.
Layihəyə görə, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını tərəflərin razılaşdıracağı üçüncü ölkəyə təhvil verməsi və ya onların zənginləşdirilmə səviyyəsini aşağı salması nəzərdə tutulur.
Bundan əlavə, ilkin razılaşma əldə olunduqdan sonra Hörmüz boğazının yeddi gün ərzində beynəlxalq dəniz nəqliyyatı üçün açılması təklif edilir.
Çinin də prosesdə iştirakı gözlənilir
Məlumata görə, mümkün razılaşmanın icrasının təmin olunmasında Çinə də xüsusi rol verilə bilər. Pekinin sənəd üzrə öhdəliklərin yerinə yetirilməsinə və razılaşmanın uzunmüddətli davamlılığına zəmanət verən ölkələrdən biri kimi çıxış etməsi nəzərdə tutulur.
İlkin layihədə ABŞ və İran nümayəndələrinin birbaşa danışıqlar aparması da təklif olunur. Görüşlərin İstanbulda deyil, Qətərin paytaxtı Dohada keçirilməsi variantı müzakirə edilir.
Sənədin digər mühüm müddəası isə sanksiyalarla bağlıdır. Təklifə əsasən, İranın nüvə proqramı və dəniz təhlükəsizliyi sahəsində üzərinə götürəcəyi öhdəliklər müqabilində Vaşinqton iqtisadi sanksiyaları, blokadanı və digər məhdudiyyətləri mərhələli şəkildə yumşalda bilər.
Tərəflərin öhdəliklərinə əməl edib-etmədiyinin müstəqil yoxlama mexanizmi vasitəsilə qiymətləndirilməsi də planlaşdırılır. Eyni zamanda, mümkün pozuntular və fikir ayrılıqlarının yeni hərbi qarşıdurmaya çevrilməməsi üçün vasitəçilərin və təminatçı ölkələrin iştirakı ilə mübahisələrin həlli mexanizminin yaradılması təklif olunur.
Razılaşmanın əldə olunması hələ sual altındadır
Qeyd edək ki, açıqlanan müddəalar hələ imzalanmış və tərəflər tərəfindən təsdiqlənmiş yekun sənədə deyil, müzakirə olunan ilkin layihəyə aiddir.
“Reuters” agentliyinin oktyabrın 30-da yaydığı məlumata görə, Qətər vasitəçiləri ABŞ və İran arasında razılaşma əldə olunması ilə bağlı yeni təkliflərlə Tehrana qayıdıblar. Bununla belə, İran rəsmiləri əvvəlki təklifləri qəbuledilməz hesab etdiklərini bildiriblər.
Tərəflər arasında əsas fikir ayrılıqları nüvə proqramı, sanksiyaların ləğvi və dəniz blokadasının aradan qaldırılması məsələlərinin hansı ardıcıllıqla həll ediləcəyi ilə bağlıdır.
Beləliklə, Hörmüz boğazının açılması, İranın nüvə proqramı üzrə öhdəlikləri və ABŞ-nin sanksiyaları yumşaltması mümkün razılaşmanın əsas müzakirə mövzuları olaraq qalır.
