ABŞ Maliyyə Nazirliyi İranın silah və hərbi komponentlər əldə etməsinə kömək etməkdə ittiham olunan, Çin, Honkonq, Pakistan və digər ölkələrdə yerləşən 10 şəxs və quruma qarşı sanksiyalar tətbiq edib.
Xəbəraxını “Reuters” istinadən xəbər verir ki, yeni sanksiyalar ABŞ administrasiyasının Tehrana qarşı iqtisadi təzyiq kampaniyasının tərkib hissəsidir. Vaşinqton bu addımlarla İranın hərbi imkanlarının bərpasını çətinləşdirməyi və ölkəni danışıqlara sövq etməyi hədəfləyir.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, nazirlik İran rejiminə dəstək verən və onun hərbi imkanlarını təmin edən tərəfləri müəyyənləşdirməyə, ifşa etməyə və təcrid etməyə davam edəcək.
Sanksiya siyahısına İran Müdafiə Nazirliyinin Pekindəki nümayəndəsi Seyid Əsgər Əlizadə Təbatəbai də daxil edilib. ABŞ tərəfi onun İran adından Çində hazır silah sistemlərinin və ikili təyinatlı komponentlərin satın alınmasını əlaqələndirdiyini bildirir.
Həmçinin İranda yerləşən “Kavoshcom Asia R&D Group” şirkətinə qarşı tədbir görülüb. Şirkətin İran Aviasiya Sənayesi Şirkəti üçün elektronika və müxtəlif komponentlər, o cümlədən bağlayıcılar əldə etdiyi qeyd olunur.
Honkonqda yerləşən “EC Mojo Technology Co Limited” və onun Çindəki nümayəndəsi Li Fen də sanksiyalara məruz qalanlar sırasındadır. Onların elektron komponentlərin tədarükündə vasitəçilik etdiyi bildirilir.
Pakistan vətəndaşı Vasim Paşa Tacammalın da sanksiya siyahısına salındığı açıqlanıb. O, “Cavalier Group” özəl hərbi şirkətinin rəhbəri kimi təqdim olunur.
Məsələyə münasibət bildirən “Obsidian Risk Advisors” şirkətinin idarəedici direktoru Brett Erikson isə sanksiyaların İranın Hörmüz boğazında raket və dronlardan istifadə imkanlarına ciddi təsir göstərməyəcəyini deyib.
Onun sözlərinə görə, bu addımların real hərbi təsirindən daha çox ABŞ administrasiyasının İrana qarşı sərt mövqe nümayiş etdirməsinə xidmət etdiyi qənaəti var.
