“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə saxlanılaraq həbs olunublar. Onlar işçini döymək və zor tətbiq etməklə ondan pul tələb etməkdə ittiham edilirlər.
Xəbəraxını xəbər verir ki, hadisə Gəncədə fəaliyyət göstərən “Omid Gəncə-3” mağazası ilə bağlıdır.
Məlumata görə, Rəhman Məmmədov və Tərlan Qasımzadə mağazanın müdirini satışdan əldə olunan vəsaiti mənimsəməkdə ittiham ediblər. Daha sonra onu döyərək və müxtəlif vasitələrlə hədələyərək şirkətə dəydiyi iddia olunan ziyana görə 88 min manat tələb ediblər.
Zərərçəkmiş şəxsin polisə müraciətindən sonra şirkət rəhbəri və satış müdiri saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Omid” təmir, tikinti və məişət əşyalarının topdan və pərakəndə satışı ilə məşğul olan mağazalar şəbəkəsidir. Şirkətin Bakı, Gəncə, Sumqayıt və ölkənin müxtəlif rayonlarında 100-ə yaxın filialı fəaliyyət göstərir.
