Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı təşkil olunacaq. Yarışda 20-dən artıq ölkədən 400-dən çox iştirakçının mübarizə aparacağı gözlənilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq çempionat Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək.
Yarışın əsas məqsədi yanğın və xilasetmə idmanının inkişafına töhfə vermək, beynəlxalq əməkdaşlığı genişləndirmək və müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsini gücləndirməkdir.
İdmançılar dörd növ üzrə yarışacaqlar
Noyabrın 8-dək davam edəcək çempionatda iştirakçılar dörd idman növündə qüvvələrini sınayacaqlar:
- Hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma;
- 100 metr məsafəyə maneəli qaçış;
- 4×100 metr məsafəyə yanğın estafeti;
- Döyüş açılışı.
İdmançılar sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.
Çempionat çərçivəsində bir sıra ölkələrin aidiyyəti qurumlarının və beynəlxalq təşkilatların rəhbər şəxslərinin də Azərbaycana səfərləri nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda FIFA U-15 dünya çempionatı da keçirilib. Turnirin finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək çempion olub.
