Bakının Nizami rayonunda, Keşlə Ət Kombinatının ərazisində yanğın baş verib. Hadisə zamanı plastik və taxta materialların saxlanıldığı sahənin bir hissəsi yanıb.
Xəbəraxını xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Davud Aslan küçəsində yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın fəaliyyətsiz olan ət kombinatının ərazisində plastik və taxta materialların toplandığı sahədə qeydə alınıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
500 kvadratmetr sahədəki materiallar yanıb
FHN-in məlumatına görə, ümumilikdə 1 800 kvadratmetr ərazidə toplanmış plastik və taxta materialların 500 kvadratmetrlik hissəsi yanıb. Materialların qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
