Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” qarşılaşmasında hakimlərin diqqətsizliyi müzakirələrə səbəb olub. Baş hakim futbolçuya ikinci sarı vərəqəni göstərsə də, qırmızı vərəqə verməyi unudub.
Xəbəraxını xəbər verir ki, qarşılaşmanın baş hakimi Səbuhi Bayramov meydan sahiblərinin futbolçusu Samuel Nonqoya ikinci sarı vərəqəni göstərib. Lakin hakim futbolçunu meydandan kənarlaşdırmaq üçün qırmızı vərəqə göstərməyib.
Vəziyyətə matçın dördüncü hakimi müdaxilə edib. O, baş hakimi yanına çağıraraq baş verənlərlə bağlı xəbərdarlıq edib. Bundan sonra Nonqoya qırmızı vərəqə göstərilib və futbolçu meydandan qovulub.
