Bakıda bir nəfərin ölümü, 12 nəfərin isə xəsarət alması ilə nəticələnən kafe yanğını ilə bağlı məhkəmə prosesi davam edir. Son iclasda zərərçəkənlər hadisə zamanı yaşadıqlarını və dəymiş ziyanı açıqlayıblar.
Xəbəraxını xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə kafenin yerləşdiyi obyektin təsisçisi zərərçəkən qismində ifadə verib. O, yanğın nəticəsində obyektə 16 800 manat məbləğində ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, obyekt Vüsal adlı şəxsə aylıq 800 manata icarəyə verilib.
Digər zərərçəkən Şəhriyar Quliyev isə hadisə zamanı kafedə müştəri olduğunu deyib. Onun sözlərinə görə, içərini tüstü bürüdüyündən obyektdən çətinliklə çıxıb və bu zaman qolundan yanıq xəsarəti alıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. İttihama görə, kafenin inzibatçısı ilə mübahisə edən Famil Kərimov obyekti tərk etdikdən sonra plastik qab əldə edib, yanacaqdoldurma məntəqəsindən benzin alaraq geri qayıdıb və kafeyə od vurub.
Yanğın zamanı müştəri olan Ceyhun Əhmədli alovdan xilas olmaq üçün ikinci mərtəbədən özünü atıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Famil Kərimova xuliqanlıq niyyəti ilə adam öldürmə, ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma və əmlakı qəsdən məhv etmə maddələri ilə ittiham irəli sürülüb.
Növbəti məhkəmə iclası noyabrın 11-nə təyin edilib.
