Türkiyəli məşhur idman şərhçisi və keçmiş futbol hakimi Ahmet Çakar Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Onun ölkə ərazisinə girişinə qadağa qoyulub.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamalarla bağlı Türkiyənin 31 vətəndaşı arzuolunmaz şəxs elan edilib.
Məlumatda həmin şəxslərin hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş bəyanatlarının da nəzərə alındığı bildirilib.
XİN vurğulayıb ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq qanunvericiliyə uyğun müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.
