Saatlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
Xəbəraxını “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı zamanı idarəetməni itirib. Avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra isə yol kənarındakı hasara çırpılıb.
Hadisə nəticəsində avtomobildə sərnişin kimi olan sürücünün anası və 7 yaşlı bacısı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb, lakin azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, ilkin ehtimala əsasən, qəzanın baş verməsinə sürücünün yolun qadağan olunan hissəsində ötmə etməsi, həmçinin sürət həddi ilə yanaşı yol və hava şəraitini düzgün qiymətləndirməməsi səbəb ola bilər.
Faktla bağlı araşdırma aparılır.
BDYPİ sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə və xüsusilə ötmə zamanı diqqətli olmağa çağırıb.
