Pakistan hərbi qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdiyi rəsmən təsdiqlənib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri ölkə hərbçilərinin Krallıq ərazisində artıq fəaliyyət göstərdiyini açıqlayıb.
Xəbəraxını xəbər verir ki, general-leytenant Çaudri CNN-ə müsahibəsində Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanında “artıq olduğunu” təsdiqləyib. O bildirib ki, pakistanlı hərbçilər Krallıqda müxtəlif imkanlar və sahələr üzrə fəaliyyət göstərirlər və bu əməkdaşlıq yeni deyil.
Onun sözlərinə görə, Pakistan hərbçiləri Səudiyyə Ərəbistanında onilliklərdir mövcuddur. Çaudri bu hərbi əməkdaşlığın iki ölkə arasındakı uzunmüddətli diplomatik, siyasi və müdafiə əlaqələrinin bir hissəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə “Məkkə Birgə Müdafiə Sazişi”ni imzalayıb. Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir.
Son günlər Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının artmasından sonra üç ölkə kollektiv müdafiə öhdəliklərinin icrasına başlamaq və hərbi qüvvə və imkanların Krallıq ərazisində sürətli yerləşdirilməsi üçün tədbirlər görmək barədə razılığa gəlib.
Pakistan tərəfi isə hərbi qüvvələrin Səudiyyə Ərəbistanında olmasını təsdiqləsə də, onların sayı və konkret əməliyyat detalları barədə məlumat verməyib.
