Həbsdən çıxan kişi bibisinin evinə basqın etdi

Həbsdən çıxan kişi bibisinin evinə basqın etdi

Şəmkir rayonunda cəzasını çəkməkdən azad edilən şəxsin yenidən cinayət törətməsi ilə bağlı məhkəmə hökmü çıxarılıb.

Xəbəraxını xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib. 1993-cü il təvəllüdlü Elşən Muradov daha əvvəl oğurluq cinayətinə görə iki il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəzasının bir hissəsi amnistiya aktı əsasında götürülüb və o, vaxtından əvvəl azadlığa buraxılıb.

Cəzaçəkmə müəssisəsindən kəndə qayıdan Muradov bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlib. Məlumata görə, həbsdən azad olması münasibətilə bibisinin evinə gələn qohumunun boynunda bahalı qızıl boyunbağı görüb və həmin zinət əşyasını ələ keçirmək planı qurub.

O, təxminən 20 gün ərzində evdə kimin nə vaxt olduğunu izləyib. Qadının həyat yoldaşının taksi fəaliyyəti ilə əlaqədar həmin gün Bakıya sərnişin apardığını və gecə evdə olmayacağını müəyyənləşdirən Muradov gecə saatlarında hərəkətə keçib.

Valideynləri yatdıqdan sonra evdən çıxan şəxs izini gizlətmək üçün qonşunun həyətindən keçərək bibisinin evinə daxil olub. Daha sonra binanın ikinci mərtəbəsində yerləşən yataq otağına girib. Üzünü maska ilə gizlədən Muradov qadının səsə oyanmasından sonra onun ağzını tutaraq əvvəlcə pul tələb edib.

Qadın evdə pul olmadığını bildirdikdə isə o, qızıl boyunbağını verməsini istəyib. Qadının müqavimət göstərməsinə baxmayaraq, Muradov boyunbağını zorla qopararaq özü ilə aparıb.

Bununla kifayətlənməyən şəxs qadını saçından və ağzından tutaraq başqa otağa aparıb və üzərindəki bıçaqla onu hədələyib. O, qadından hadisə barədə heç kimə danışmayacağına and içməsini tələb edib və əks halda onu öldürəcəyi ilə hədələyib.

Qadın məcburiyyət qarşısında onun tələbi ilə razılaşıb. Bundan sonra Muradov pəncərədən çıxaraq hadisə yerini tərk edib.

Hadisə barədə polisə məlumat verildikdən sonra araşdırmaya başlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb və barəsində cinayət işi başlanıb.

İşə məhkəmədə baxıldıqdan sonra Elşən Muradov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir