Masallıda məktəbdə bədbəxt hadisə baş verir. Xəbəraxını “Oxu.Az”a istinadən xəbər verir ki, Masallı şəhər 3 saylı orta məktəbdə şagird kimyəvi məhluldan xəsarət alıb.
Hadisə sentyabrın 30-da məktəbin 8-ci sinfində kimya dərsi zamanı baş verib. Təcrübə zamanı kimyəvi məhlul stolun üzərinə dağılıb. Dərsdən sonra şagirdlərdən biri məhlulu əli ilə təmizləməyə çalışıb. Bu zaman məhlulun təsirindən gözləri göynəyən şagird səhvən əli ilə gözünə toxunub və məhlul gözünə düşüb.
Şagird Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib. Daha sonra valideynləri tərəfindən Bakıya gətirilən uşaq tibbi müayinədən keçirildikdən sonra evə buraxılıb.
Məlumata görə, şagird Masallıda babasının himayəsində qalırmış. Hadisədən sonra Bakıda işləyən valideynləri rayona gələrək onu paytaxta aparıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.
