Fransa millisinin sabiq futbolçusu Jerom Roten “Real Madrid”in hücumçusu Kilian Mbappenin “Qızıl top”la bağlı son açıqlamalarının milli komandanın daxilində ciddi narazılığa səbəb olduğunu bildirib.
Sabiq futbolçu “RMC Sport”a açıqlamasında Fransa millisində artıq iki fərqli düşərgənin formalaşdığını deyib.
Rotenin sözlərinə görə, Mbappenin son bəyanatları və komandadakı aparıcı mövqeyi bir çox futbolçunun narazılığına səbəb olub.
“Dünya çempionatında hiss etdiyimiz gərginlik bu gün daha da aydınlaşıb. Mbappenin davranışı və sözləri milli komandada bir çox oyunçunu özündən uzaqlaşdırıb. Düzdür, dünya çempionatında bombardir olması və nümunəvi davranışı tənqidləri bir qədər yumşaltmışdı, lakin belə açıqlamalar yalnız onun özünə zərər vurur”, – deyə Roten qeyd edib.
O əlavə edib ki, Fransa millisindəki futbolçuların əksəriyyəti Mbappendən fərqli olaraq Usman Dembeleni dəstəkləyir.
“Mənə çatdırılan məlumata görə, futbolçular Mbappenin nə demək istədiyini anlamırlar və onlar Kilianın deyil, Dembelenin yanındadırlar. Usman komandanı daha çox bir araya gətirir və oyunçular arasında bir növ bufer rolunu oynayır. Növbəti milli fasilədə Usman və Kilianın əl sıxmasını böyük maraqla gözləyirəm, məncə, həmin an divarlar titrəyəcək”, – sabiq futbolçu vurğulayıb.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatının sahibi Usman Dembele olub.
