Şəkidə istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” qurğusunun xüsusiyyətləri açıqlanıb.
Məlumata görə, qurğu iki stasionar dirək arasında çəkilmiş buraz üzərində yerləşdirilib. “Zipline” təhlükəsizlik cihazı və ya sığortalayıcı trosla təchiz olunmayıb və diyircəklər üzərində insanın öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti hesabına hərəkət edir.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, bu tip qurğulara nəzarət onun səlahiyyətlərinə aid deyil.
Nazirliyin açıqlamasında qeyd olunub ki, sözügedən qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkətə gətirilən avadanlıq olmadığı üçün təhlükə potensiallı obyektlərin siyahısına daxil edilmir. Bu səbəbdən qurğu FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə də aid deyil.
