İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda iş üzrə hökm elan olunub.
Məhkəmənin qərarı ilə Qalib Bayramov 2 il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri isə başqa yerə getməmək barədə iltizamla əvəzlənib.
Qeyd edək ki, prokuror Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və 5 il sınaq müddəti təyin olunmaqla cəzasının şərti hesab edilməsini istəyib.
Bayramov Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın xeyli miqdarda leqallaşdırılması) və 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham olunub.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılıb. Araşdırma çərçivəsində bir sıra QHT-lərin, onların rəhbərlərinin, eləcə də xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətində qanun pozuntuları araşdırılır.
Həmin iş üzrə “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi” və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, həmçinin Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
