Türkiyədə bəzi telefonlar işləməyəcək

Türkiyədə bəzi telefonlar işləməyəcək

Türkiyədə xaricdən gətirilən və IMEI qeydiyyatından keçirilməyən mobil telefonların müəyyən müddətdən sonra rabitə xidmətlərinə çıxışı dayandırılır.

Ölkədə mobil telefonların qiymətlərinin yüksək olması səbəbindən bəzi şəxslər cihazları xaricdən əldə etməyə üstünlük verirlər. Belə telefonlardan bir təqvim ili ərzində 120 gün istifadə etmək mümkündür.

İki fiziki SIM-kart yuvası olan və ya fiziki SIM-kartla yanaşı e-SIM dəstəkləyən cihazlarda isə istifadə müddətini 8 aya qədər uzatmaq mümkündür. Bu halda ilk 4 ay bir SIM-kartdan, növbəti 4 ay isə digər SIM-kart və ya e-SIM-dən istifadə edilir.

Məlumata görə, xaricdən gətirilmiş telefon Türkiyədə yerli operatorun SIM-kartına qoşulduqda 120 günlük istifadə müddəti ilə bağlı proses başlayır. Lakin müddətin hesablanması ilə bağlı əsas məqam BTK tərəfindən göndərilən xəbərdarlıq SMS-dir. Bildiriş alındıqdan sonra dörd aylıq müddət başa çatdıqda cihazın şəbəkəyə çıxışı məhdudlaşdırılır.

Məsələn, telefonun ilk SIM-kartla istifadəsi mayın 1-də başlayıbsa, dörd aylıq dövr avqustun 31-də başa çatır. Daha sonra ikinci SIM-kart və ya e-SIM aktivləşdirilərək sentyabrın 1-dən dekabrın 31-dək əlavə dörd ay istifadə mümkündür.

Yeni təqvim ili başladıqdan sonra isə cihazın istifadəsi yenidən mümkün olur. Bu mexanizm sayəsində istifadəçilərin telefonu daha uzun müddət ərzində fasiləsiz işlətməsi mümkün olur.

İstifadə müddəti başa çatdıqdan sonra telefonun IMEI qeydiyyatının aparılması tələb olunur. Alternativ olaraq cihazın xaricdə ikinci əl kimi və ya Türkiyədə ehtiyat hissəsi kimi satıldığı bildirilir.

Android telefonlarda bəzi hallarda IMEI kodunun qanunsuz dəyişdirilməsi yolu ilə cihazın istifadəsini davam etdirmək mümkün olsa da, bu üsul qanunsuzdur. Məlumata görə, belə əməliyyatların qiyməti təxminən 1000-2000 türk lirəsi arasında dəyişir. iPhone cihazlarında isə bu üsul tətbiq edilə bilmir.

Yeni təqvim ilinə keçdikdə “qara siyahı”ya düşmüş bəzi telefonların yenidən şəbəkəyə qoşulmasının 5 günə qədər vaxt apara biləcəyi qeyd olunur.

Qeyd edək ki, 2026-cı ildən Türkiyədə xaricdən gətirilən mobil telefonların IMEI qeydiyyat rüsumu 54 258 türk lirəsi təşkil edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir