Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evi qarşısında baş verən təxribatla bağlı açıqlama yayıb.
XİN-dən bildirilib ki, bu gün günorta saatlarında naməlum şəxslər tərəfindən qonaq evinin qarşısına Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Nazirlik sözügedən hadisəni qətiyyətlə pisləyib. Qeyd olunub ki, bu qəbuledilməz addım Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə yönələ bilər. Həmçinin insidentin son dövrlərdə Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması istisna edilməyib.
Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını hadisəyə hüquqi qiymət verməyə, insidenti hərtərəfli araşdırmağa və bu cür təxribatların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.
XİN vurğulayıb ki, Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən Azərbaycanın Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək öhdəliyi var. Nazirlik, həmçinin diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətin qarşısının alınmasını gözlədiyini bildirib.
