Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplamasına baxmayaraq, arzuladığı üçün Baytarlıq ixtisasını (ingilis dilində) seçib.
Xaliq Zeynallı “Qafqazinfo”ya açıqlamasında heyvanlara sevgisinin uşaqlıqdan yarandığını bildirib:
“Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil. Eyni zamanda bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim.
İxtisas seçimində ətrafımdakı insanların təzyiqi çox oldu. Ailəm və dostlarım bu sahənin perspektivli olmadığını düşünürdülər. Mənə “Bu balla o ixtisasa getsən, gələcəkdə işsiz qala bilərsən” deyirdilər. Amma öz dünyagörüşüm və ziyalı insanlarla söhbətlərim sayəsində başa düşürdüm ki, hər şey göründüyü kimi deyil. İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır”.
Gənc sosial şəbəkələrdə onun seçimi ilə bağlı yazılan fikirlərə də münasibət bildirib:
“Yazırlar ki, bu balla ATU və ya başqa nüfuzlu universitetlərdə oxuya bilərdi. Bəziləri isə başqa yerlərə qəbul ola bilmədiyim üçün Xəzər Universitetini seçdiyimi iddia edir. Halbuki topladığım balla Azərbaycan Tibb Universiteti də daxil olmaqla bütün ali məktəblərdə qəbul ola biləcəyim ixtisaslar var idi.
Məni tanıyanlar bilir ki, ən başından valideynlərimə və dostlarıma nə qədər bal toplasam da, Baytarlığın ardınca gedəcəyimi demişdim.
İxtisas seçimi zamanı ilk yerə ATU-nun Tibb ixtisasını yazmışdım. Bu, 9-cu sinifdə valideynlərimlə 1-ci yerə Tibb ixtisasını yazacağım barədə razılaşmağımızla bağlı idi. Düşünürdüm ki, marağım olsa, oxuyaram, olmasa, başqa universitetlərin Baytarlıq ixtisasına köçürülərəm və ya təhsilimi xaricdə davam etdirərəm.
Nəticədə 617 balla Tibb ixtisasına düşə bilmədim və çox da yaxşı oldu. Çünki tibb sahəsində uğur qazanacağıma inanmırdım. Bilirdim ki, qarşıdakı illərdə yenə Baytarlığa yönələcəyəm”.
Xaliq Zeynallı gələcək planlarından da danışıb. O, əsas məqsədinin kənd təsərrüfatı sahəsində savadlı mütəxəssis olmaq olduğunu bildirib:
“Planlarım çoxdur, amma ən əsası kənd təsərrüfatı üzrə savadlı mütəxəssis olmaq istəyirəm. Çünki hazırda bu sahədə peşəkar kadrlar barmaqla sayılacaq qədər azdır. Bundan başqa, həm universitet illərində, həm də sonrakı fəaliyyətimdə ekzotik heyvanları araşdırmaq niyyətindəyəm”.
Gənc ailəsinin əvvəlcə onun qərarı ilə razılaşmadığını da qeyd edib:
“Ailəm Tibb ixtisasına yiyələnməyimi istəyirdi və bu məsələdə mənimlə razılaşmırdılar. Lakin maddi baxımdan həmişə mənə dəstək olublar.
Mən yüksək balla baytar olmaq istəyirdim. Onlarla danışıb razı salsam da, başqa insanlarla söhbətdən sonra yenidən öz fikirlərinə qayıdırdılar. Bu müzakirə 3-4 il davam etdi. Sonda isə yüksək balla istədiyim ixtisasa qəbul olaraq arzumu gerçəkləşdirdim”.
