Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi “44” bədii filminin nümayişi zamanı tamaşaçılara mühüm xəbərdarlıq edib. Filmin mobil telefon və digər cihazlarla qeydə alınması, eləcə də görüntülərin icazəsiz paylaşılması qanun pozuntusuna səbəb ola bilər.
Xəbəraxını Ox-a istinadən xəbər verir ki, agentlik bu barədə ictimaiyyətə müraciət yayıb.
Bildirilib ki, seanslar zamanı filmin çəkilməsi və görüntülərin icazəsiz qeydə alınaraq yayılması filmin istehsalçısına, yaradıcı heyətə və digər tamaşaçılara qarşı hörmətsizlikdir.
Agentliyin açıqlamasında qeyd olunub ki, qanunvericiliyə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Bu anlayışa filmin videoyazı formasında qeydə alınması da aiddir. Buna görə də filmin icazəsiz çəkilməsi və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının pozulması ilə nəticələnə bilər.
Kino Agentliyi tamaşaçılardan nümayiş zamanı filmi heç bir cihazla qeydə almamağı, həmçinin filmə aid görüntüləri hüquq sahibinin icazəsi olmadan yaymamağı tələb edib.
Qurum xəbərdarlıq edib ki, qanun pozuntusu faktları aşkarlandığı təqdirdə təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
