Napoleon Bonaparta məxsus, 200 ildən artıqdır məzmunu tam oxunmayan şifrəli hərbi məktub süni intellektin köməyi ilə deşifrə edilib.
“Xəbəraxını” xəbər verir ki, tarixi sənəd kibertəhlükəsizlik şirkəti “SentinelOne”ın mühəndisi Karter Çörç tərəfindən “OpenAI”ın GPT-6 Astra modeli vasitəsilə araşdırılıb. Mühəndis məktubun sadəcə skan edilmiş görüntüsünü sistemə yükləyib və təxminən 6 saat davam edən işdən sonra şifrəni açmağa nail olub.
Məktub 1809-cu ilin martında, Avstriyanın Napoleon Fransasına qarşı müharibəyə hazırlaşdığı bir vaxtda yazılıb. Napoleon həmin dövrdə İtaliyanın vitse-kralı olan ögey oğlu Yucin de Boharneyə Dalmatiyada təcrid vəziyyətində qalan general Ogüst de Marmona qoşunların yerləşdirilməsi ilə bağlı şifrəli göstəriş göndərib.
Deşifrə nəticəsində sənəddə Napoleonun hərbi strategiyası ilə yanaşı, düşmənə qarşı psixoloji üstünlük yaratmaq məqsədilə bəzi rəqəmlərin qəsdən şişirdildiyi də üzə çıxıb.
Məktubun açılan hissələrindən birində “Ruslar Avstriyaya qarşı hərəkət edir və Friuli ordusu bu gün səksən min nəfərdən ibarətdir” ifadəsi yer alır. Tarixçilərin qiymətləndirməsinə görə, Napoleon generalını ruhlandırmaq məqsədilə rus qoşunlarının sayını təxminən 60 min nəfər artıq göstərib.
Sənəddə həmçinin generalın düşmən qüvvələrinin sayından və ya böyük qoşun qruplarından çəkinməməsi barədə göstəriş verilir.
Araşdırma zamanı məktubun yalnız məzmunu deyil, onun tarixçəsi ilə bağlı başqa bir detal da aydınlaşdırılıb. Çörç sənəddəki hərbi rütbə və bölmə adlarını müqayisə etməklə məktubun əvvəlki məlumat bazalarında yanlış tarixlə qeyd edildiyini müəyyənləşdirib.
Şifrəli sənəd bir sətir adi mətnlə yanaşı, 24 sətir rəqəm, hərf və əllə çəkilmiş xüsusi simvollardan ibarət olub. Şifrənin açarı əsrlər əvvəl itirildiyindən məktub uzun müddət “Cryptiana” platformasının “Həll olunmamış tarixi şifrələr” siyahısında yer alıb. Deşifrə edildikdən sonra sənəd həmin siyahıdan çıxarılıb.
Məktubda ümumilikdə təxminən 1 300 şifrə vahidi və 155 unikal simvolun olduğu bildirilir. Tədqiqatçılar indiyədək bu simvolların yalnız üçdə birinin mənasını müəyyən edə bilmişdilər.
