Azərbaycanda 90 və daha yuxarı yaşda olan insanların sayı açıqlanıb. 2026-cı il yanvarın 1-nə olan rəsmi statistikaya əsasən, ölkədə bu yaş qrupuna daxil olan 24 256 nəfər yaşayır.
“Xəbəraxını” Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 90+ yaşlıların 5 846 nəfəri Bakının, 18 410 nəfəri isə digər şəhər və rayonların payına düşür. Bu göstərici ölkə əhalisinin təxminən 0,24 faizinə bərabərdir.
90 yaşdan yuxarı insanların ən çox yaşadığı ərazi
90 və daha yuxarı yaşda olanların sayına görə Bakı şəhəri ilk sıradadır. Paytaxtda 5 846 nəfərin yaşı 90-dan çoxdur. Bu isə ölkə üzrə 90+ yaş qrupunda olanların təxminən 24 faizinin Bakıda yaşadığını göstərir.
İqtisadi rayonlar arasında isə ən yüksək göstərici Qazax-Tovuz iqtisadi rayonundadır. Burada 2 188 nəfərin yaşı 90 və daha yuxarıdır.
90+ yaşlıların sayına görə iqtisadi rayonların sıralaması belədir:
- Qazax-Tovuz – 2 188 nəfər
- Naxçıvan – 1 861 nəfər
- Lənkəran-Astara – 1 776 nəfər
- Qarabağ – 1 693 nəfər
- Şəki-Zaqatala – 1 542 nəfər
- Mərkəzi Aran – 1 517 nəfər
- Abşeron-Xızı – 1 449 nəfər
- Quba-Xaçmaz – 1 283 nəfər
- Gəncə-Daşkəsən – 1 225 nəfər
- Mil-Muğan – 1 126 nəfər
- Şirvan-Salyan – 1 111 nəfər
- Dağlıq Şirvan – 881 nəfər
- Şərqi Zəngəzur – 758 nəfər
Rayonlar üzrə ən yüksək göstərici Abşerondadır
Bakı şəhəri ayrıca nəzərə alınmadıqda, inzibati rayonlar arasında 90 və daha yuxarı yaşda olanların sayına görə Abşeron rayonu liderdir. Rayonda 769 uzunömürlü qeydə alınıb.
Sonrakı yerlərdə Şəmkir (656), Sumqayıt (609), Sədərək (596), Cəlilabad (513), Nizami (513), Xəzər (495), Gədəbəy (484), Şəki (478), Tovuz (459), Bərdə (454), Gəncə (442) və Masallı (393) qərarlaşıb.
Maraqlı məqamlardan biri isə uzunömürlüləri ilə tanınan Lerik rayonunun göstəricisidir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin əvvəlində rayonda 90 və daha yuxarı yaşda cəmi 158 nəfər qeydə alınıb.
90+ yaşlıların ən az olduğu ərazilər
Bu yaş qrupunda ən aşağı göstəricilər əsasən əhalisi daha az olan şəhər və rayonlarda qeydə alınıb:
- Naftalan – 29 nəfər
- Xankəndi – 30 nəfər
- Ağdərə – 33 nəfər
- Xocalı – 44 nəfər
- Xocavənd – 45 nəfər
- Pirallahı – 69 nəfər
- Xızı – 71 nəfər
- Zəngilan – 78 nəfər
- Oğuz – 96 nəfər
- Qaradağ – 97 nəfər
Bakının rayonları arasında Nəsimi öndədir
Paytaxt rayonları üzrə statistikada ən yüksək göstərici Nəsimi rayonunda qeydə alınıb. Burada 1 331 nəfərin yaşı 90 və daha yuxarıdır.
Bakı rayonlarında vəziyyət belədir:
- Nəsimi – 1 331 nəfər
- Yasamal – 725 nəfər
- Suraxanı – 552 nəfər
- Xətai – 540 nəfər
- Nizami – 513 nəfər
- Xəzər – 495 nəfər
- Nərimanov – 419 nəfər
- Sabunçu – 379 nəfər
- Səbail – 372 nəfər
- Binəqədi – 354 nəfər
- Qaradağ – 97 nəfər
- Pirallahı – 69 nəfər
Qeyd edək ki, Azərbaycanda əhali yaş qruplarına görə belə təsnif edilir: 0-13 yaş uşaqlar, 14-17 yaş yeniyetmələr, 18-29 yaş gənclər, 30-44 yaş orta yaşlılar, 45-59 yaş yetkin yaşlılar, 60-74 yaş yaşlılar, 75-89 yaş qocalar, 90 və daha yuxarı yaşda olanlar isə uzunömürlülər hesab edilir.
