14 rayon və şəhərdə yol təmirinə ayrılan pullarla bağlı ciddi nöqsanlar aşkarlanıb – 1 milyon manatdan çox vəsait geri qaytarılıb

14 rayon və şəhərdə yol təmirinə ayrılan pullarla bağlı ciddi nöqsanlar aşkarlanıb – 1 milyon manatdan çox vəsait geri qaytarılıb

Hesablama Palatası 14 yerli icra hakimiyyəti orqanında yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin idarə olunmasını təhlil edib. Araşdırma zamanı artıq ödənişlər, satınalma prosedurlarında pozuntular və mühasibat uçotunda ciddi çatışmazlıqlar müəyyənləşdirilib.

Xəbəraxını xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı il üzrə İş Planına uyğun olaraq apardığı analitik fəaliyyətin nəticələrində bildirilib.

Təhlil Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonları, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərinin icra hakimiyyətlərini əhatə edib. Araşdırma sənədlər əsasında aparılıb, obyektlərdə nəzarət ölçmələri həyata keçirilməyib.

1 milyon manatdan çox artıq ödəniş aşkarlanıb

Hesablama Palatasının məlumatına görə, 14 yerli icra hakimiyyəti orqanı üzrə işlərin həcmi və dəyərinin artırılması nəticəsində ümumilikdə 1 milyon 78 min 610,9 manat artıq ödənişə yol verilib. Bildirilib ki, analitik fəaliyyət dövründə həmin məbləğ dövlət büdcəsinə tam bərpa olunub.

Bundan başqa, bəzi hallarda yolların təmirə ehtiyacı instrumental müayinələr, ölçmələr və laborator sınaqlarla əsaslandırılmayıb. Qüsur aktları əsasən vizual baxış əsasında tərtib edilib. Layihələrdə yolun uzununa və eninə profilləri, maililik göstəriciləri və yağış sularının kənarlaşdırılması kimi vacib texniki məsələlərin nəzərə alınmadığı qeyd olunub.

Bu çatışmazlıqlar təmir edilmiş yollarda suyun toplanması və çökəkliklərin yaranması riskini artırmaqla yanaşı, örtüyün istismar müddətini azalda və gələcəkdə əlavə təmir xərclərinə səbəb ola bilər.

Satınalma müqavilələrində də pozuntular qeydə alınıb

Təhlil zamanı altı yerli icra hakimiyyəti orqanında ümumi dəyəri 6 milyon 291 min 235,7 manat olan təmir işləri üzrə satınalma müqavilələri bağlandıqdan cəmi bir-iki gün sonra, bəzi hallarda isə dörd gün ərzində işlərin başa çatmasına dair qəbul aktlarının rəsmiləşdirildiyi müəyyən edilib. Hesablama Palatası bu halların işlərə satınalma prosedurlarından əvvəl başlanıldığını göstərdiyini bildirib.

Həmçinin söküntü zamanı əldə edilən tikinti materiallarının uçota alınmaması və hesablaşmalarda nəzərə alınmaması, daşınmanı təsdiqləyən icazələr olmadığı halda müvafiq xərclərin smetalara daxil edilməsi kimi nöqsanlar aşkarlanıb. Bəzi hallarda iş həcmlərinin əsaslandırılmadan dəyişdirildiyi, müqavilələrdə artırıldığı və artıq görülmüş işlərin sonradan sənədlərə əlavə edildiyi bildirilib.

Dörd icra hakimiyyəti orqanında hüquqi əsası olmayan smeta normativlərindən istifadə edildiyi, iki qurumda isə səlahiyyətlərinə aid olmayan yol nişanlanması, xətlənmə və rənglənmə işlərinin əsaslı təmir smetalarına daxil edildiyi qeyd olunub.

Milyonlarla manatlıq yol aktivləri uçota alınmayıb

Hesablama Palatası satınalma müqavilələrinin icrasında da problemlər müəyyən edib. Təchizatçıların icra təminatlarını gec təqdim etməsi, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi və gecikmələrə görə cərimələrin tətbiq olunmaması bu nöqsanlar sırasındadır.

Digər mühüm məsələ isə yol aktivlərinin uçotu ilə bağlıdır. Məlumata görə, 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda əks etdirilməyib, əsaslı xərclər kapitallaşdırılmayıb.

Palata şəhərdaxili yolların texniki pasportlaşdırılması, faktiki vəziyyəti və digər göstəriciləri üzrə uçotun aparılması, məlumatların dövlət reyestrləri ilə uzlaşdırılması sahəsində də çatışmazlıqlar olduğunu vurğulayıb.

Ümumilikdə, təhlilin nəticələri yolların təmirinə ayrılan dövlət vəsaitlərinin planlaşdırılması, satınalma prosedurları, görülən işlərin qəbulu və əmlakın uçotu sahələrində nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir