Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın sentyabr ayında şəxsi görüş keçirməsi ilə bağlı ilkin razılıq əldə edilib. Hazırda Kiyev və Vaşinqton Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yeni ideya və yanaşmaları müzakirə edirlər.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy brifinq zamanı açıqlayıb.
Onun sözlərinə görə, Zelenski və Tramp arasında bu ay üzbəüz görüşün keçirilməsi planlaşdırılır və bununla bağlı artıq ilkin razılaşma mövcuddur. Eyni zamanda, zərurət yaranacağı təqdirdə prezidentlərin telefon danışığı keçirməsi də mümkündür.
XİN-in sözçüsü bildirib ki, sülh prosesi hazırda daha intensiv xarakter alıb və bu baxımdan prezidentlər arasında istənilən vaxt əlavə təmasların keçirilməsinə ehtiyac yarana bilər.
“Prezident Trampın nümayəndələri ortaq məxrəcə gəlməyə çalışırlar. Onlar Moskva və Kiyevə səfər ediblər və biz başa düşürük ki, hazırda həqiqətən də fəal proses gedir”, – deyə Tixiy bildirib.
XİN sözçüsünün sözlərinə görə, aparılan danışıqlar tərəflərə diplomatik fəaliyyətlərini davam etdirmək üçün müəyyən imkanlar yaratmalıdır. Bu səbəbdən yeni təkliflərin və yanaşmaların detalları hələlik ictimaiyyətə açıqlanmır.
Tixiy, həmçinin qeyd edib ki, yeni ideya və təkliflərlə çıxış edən tərəf yalnız Ukrayna deyil. Onun sözlərinə görə, ABŞ-ın da müvafiq yeni təklifləri var.
“Əlbəttə, bizim də yeni ideyalarımız var, amerikalıların da yeni təklifləri var. Reallıq həqiqətən dəyişib”, – deyə Ukrayna XİN-in nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, sülh planlarının əvvəlki versiyaları müzakirə edildikdən sonra vəziyyətdə əhəmiyyətli dəyişikliklər baş verib.
“O vaxtdan bəri reallıq dəyişib. Həm döyüş meydanında, həm də Ukrayna və Rusiya üzərindəki səmada vəziyyət dəyişib. Buna görə də, fikrimizcə, yanaşmaların yenilənməsi zəruridir”, – deyə Tixiy qeyd edib.
O əlavə edib ki, yanaşmaların yenilənməsinə ehtiyac olduğunu yalnız Ukrayna deyil, ABŞ da qəbul edir. Tixiyin sözlərinə görə, Vaşinqtonun da bu məsələ ilə bağlı müvafiq mövqeyi və baxışı mövcuddur.
