Naxçıvanda nikahdankənar doğulan nəvəsini öldürən 52 yaşlı Könül Salayevanın cinayət işinin məhkəmə təfərrüatları məlum olub.
Xəbəraxını.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq materiallarında qeyd edilib ki, qadın qızının dünyaya gətirdiyi körpəni “el içində biabır olarıq” düşüncəsi ilə öldürüb.
Məlumata əsasən, körpə doğum evindən çıxarıldıqdan sonra nənəsi tərəfindən avtomobildə boğulub. Könül Salayeva uşağın səsinin eşidilməməsi üçün avtomobilin sürücüsündən maqnitofonun səsini artırmasını istəyib. Daha sonra körpəni üzüstə çevirərək ağız və burun nahiyəsini sıxıb. Təxminən 10-15 dəqiqə sonra körpə mexaniki asfiksiya nəticəsində ölüb.
Qadın daha sonra kəndə gedib və körpənin meyitini həyətdə yerləşən tualet quyusuna atıb.
Cinayətin üstü hadisədən 26 gün sonra açılıb. Könül Salayeva polis və prokurorluq əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib və körpəni öldürdüyünə görə peşman olduğunu bildirib. O, ifadəsində qızının təxminən 6 il əvvəl ailə qurduğunu, daha sonra boşandığını və həmin vaxtdan birlikdə yaşadıqlarını deyib.
Salayevanın sözlərinə görə, qış aylarında qızında qarın ağrıları başlayıb. Həkim müayinəsindən sonra onun hamilə olduğu məlum olub. Qızı isə hamiləliyin “bir səhv” olduğunu deyib, uşağın atasının kimliyini açıqlamayıb.
Nənə məhkəmədə bildirib ki, bu vəziyyətdən sonra nə edəcəyini bilməyib və uşağı xəstəxanadan çıxan kimi öldürmək qərarına gəlib. Daha sonra meyiti evdə heç kim olmadığı vaxt həyətdəki tualet quyusuna atdığını söyləyib.
Könül Salayeva cinayətin necə aşkarlandığını bilmədiyini, polis əməkdaşlarının əvvəlcə qızına zəng etdiyini, daha sonra isə onları polis idarəsinə apardıqlarını deyib.
Məhkəmədə körpənin anası da ifadə verib. O, anasından şikayətçi olmadığını bildirib.
Qadının sözlərinə görə, uşağın atası ilə “Instagram”da tanış olub və bir müddət münasibətləri olub. Daha sonra ayrıldıqlarını deyən ana hamilə olduğunu bilmədiyini, qarın nahiyəsindəki dəyişiklikləri başqa problemlərlə əlaqələndirdiyini bildirib.
O qeyd edib ki, ağrıları başladıqdan sonra xəstəxanaya aparılıb və ilkin olaraq bağırsaq keçməzliyindən şübhələnilib. Daha sonra ultrasəs müayinəsi zamanı hamilə olduğu məlum olub. Həkim uşağın qüsurlu göründüyünü də bildirib.
Körpənin anası ifadəsində anasının hamiləlik xəbərini eşidəndə şoka düşdüyünü və “uşağı öldürəcəyəm” dediyini, lakin bunu ciddi qəbul etmədiyini söyləyib. O, hamiləliyindən əvvəl xəbərdar olsaydı, körpənin öldürülməsinin qarşısını almağa çalışacağını bildirib.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Salayeva köməksiz vəziyyətdə olan şəxsi amansızlıqla öldürməkdə təqsirli bilinib. Ona ciddi rejimli cəzaçəkmə müəssisəsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
