Xocalı rayonunun Daşbulaq kəndində başqasına məxsus atları sahibindən icazəsiz minərək kənddə gəzən üç nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri 150 manat cərimələnib.
Xəbəraxını xəbər verir ki, hadisədə Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər iştirak ediblər.
Məlumata əsasən, sərxoş vəziyyətdə olan şəxslər örüş sahəsində otlayan atları görərək hər biri bir heyvana minib kənd ərazisində gəzməyə başlayıblar. Atların sahibi onları görüb icazəsiz hərəkətlərinin səbəbini soruşduqda tərəflər arasında mübahisə yaranıb. Bundan sonra sahib atlarının oğurlandığını bildirərək polisə müraciət edib.
Polis əməkdaşları hadisə yerinə gəldikdə həmin şəxslərin sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmağa davam etdikləri müəyyən olunub. Onlar saxlanılıb və barələrində müvafiq inzibati protokollar tərtib edilib.
Məhkəmədə şəxslər törətdikləri əməldən peşman olduqlarını bildirərək daha yüngül cəza istəyiblər. Qərara əsasən, onların hər biri 150 manat məbləğində inzibati cərimə ödəməli olacaq.
