Sentyabrın 26-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən İlski Neft Emalı Zavodunu hədəfə alıb.
“Xəbəraxını” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Zərbədən sonra zavodun ərazisində güclü yanğın baş verdiyi bildirilib.
Baş Qərargahın məlumatına görə, İlski Neft Emalı Zavodunun illik istehsal gücü təxminən 6,6 milyon ton neft təşkil edir. Müəssisədə karbohidrogen xammalının qəbulu, saxlanılması və emalı həyata keçirilir, həmçinin müxtəlif neft məhsulları istehsal olunur.
Qeyd edilib ki, zavodda istehsal olunan yanacaq və sürtkü materialları birbaşa Rusiya qoşunlarının təchizatı və ehtiyaclarının qarşılanması üçün istifadə edilir.
Xatırladaq ki, daha əvvəl də KİV-də Rusiyanın Krasnodar diyarında yerləşən İlski zavodunun pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması və müəssisənin ərazisində yanğın baş verməsi barədə məlumatlar yayılmışdı.
