Türkiyənin sabiq təhsil naziri Bakıda ustad dərsi keçirəcək

Türkiyənin sabiq təhsil naziri Bakıda ustad dərsi keçirəcək

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı və “Öndə müəllim” Fondunun sədri Ziya Səlcuqun ustad dərsi keçiriləcək.

“Xəbəraxını” xəbər verir ki, “Sürətdən dərinliyə: özünə qayıdış” adlı tədbir Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutacaq.

Tədbir çərçivəsində Ziya Səlcuqun Azərbaycan dilində nəşr olunan “Qırx dəfə demişəm” kitabının təqdimatı da keçiriləcək.

Uzun illərdir uşaq inkişafı və təhsil sahəsində fəaliyyət göstərən professorun kitabında gündəlik həyatda tez-tez istifadə olunan ifadələr, deyimlər və qəlibləşmiş sözlər valideynlik baxımından yenidən təhlil edilir. Müəllif bu mövzuları səmimi söhbət üslubunda təqdim edərək insanların uşağa və uşaqlıq anlayışına münasibətini dəyişməyi hədəfləyir.

Qeyd edək ki, Ziya Səlcuq 2018–2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. Hazırda “Öndə müəllim” Fondunun sədri kimi fəaliyyətini davam etdirən professor elmi araşdırmalar aparır və sosial məsuliyyət istiqamətində müxtəlif layihələr həyata keçirir.

Davranışların müşahidəsi, ünsiyyət, öyrənmə və xarakter mövzularında kitabların, eləcə də 100-dən çox elmi məqalənin müəllifidir.

Ustad dərsində iştirak ödənişsiz olacaq. Tədbirdə yerlərin məhdud olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir