ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın bir-birinin energetika obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyini açıqlayıb.
Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Ukrayna Rusiyanın enerji obyektlərinə hücum etməmək öhdəliyi götürüb, Moskva da eyni öhdəliyi qəbul edib. Tramp, həmçinin dünyada dizel yanacağının qiymətinin artmasına İranın deyil, məhz Rusiya-Ukrayna müharibəsinin səbəb olduğunu vurğulayıb.
Qeyd edək ki, sentyabrın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiya ilə taxıl və energetika sahələrində kompromisə getməyə hazır olduğunu açıqlamışdı.
Sentyabrın 10-da isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələyə münasibət bildirərək, Rusiyanın hücumlarından sonra Kiyevin çətin vəziyyətə düşdüyünü və buna görə müvəqqəti atəşkəsə ehtiyac duyduğunu deyib. Peskov hazırda bu məsələ ilə bağlı rəsmi danışıqların aparılmadığını da bildirib.
