Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşan kəndinə 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub.
Kənddə sakinlərin qayıdışının təmin edilməsi məqsədilə yeni yaşayış kompleksi yaradılıb. Kompleksdə 190 mənzil inşa edilib. Bundan əlavə, 144 şagird yerlik tam orta məktəb əsaslı təmir olunaraq istifadəyə verilib.
Xəbəraxını “Report”-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Suqovuşanın elektrik enerjisi təminatının gücləndirilməsi məqsədilə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Kənddə yeni məscid də tikilərək istifadəyə verilib.
Talış kəndində isə ilkin mərhələdə 20 fərdi ev bərpa və yenidən inşa olunub. Nəticədə 20 ailənin, ümumilikdə 90 nəfərin kəndə qayıdışı təmin edilib. Burada 78 şagird yerlik məktəb, uşaq bağçası, inzibati bina, ictimai və iaşə obyektləri bərpa və ya yenidən inşa olunub. Sakinlərin doğma yurda qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində mərhələli şəkildə davam etdirilir.
Hər iki kənddə əhalinin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün müasir sosial, kommunal və yol-nəqliyyat infrastrukturu yaradılıb. Kənddaxili yollar çəkilib, küçələr abadlaşdırılıb, nəqliyyatın rahat hərəkəti üçün zəruri şərait formalaşdırılıb.
Suqovuşan və Talış kəndlərində tibb məntəqələri də yaradılıb. Kəndlərin fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz və yüksək sürətli internetlə təmin edilməsi üçün müasir infrastruktur qurulub.
Suqovuşanda sosial və ictimai infrastrukturun inkişafı ilə yanaşı, kəndin turizm potensialından səmərəli istifadə istiqamətində də layihələr həyata keçirilib. Suqovuşan Su anbarının ətrafında sakinlərin və turistlərin istirahəti üçün yeni park yaradılıb. Kənddə məktəb, sosial və xidmət obyektləri, enerji və turizm infrastrukturu da yaradılıb və ya bərpa olunub.
Talış kəndində də məktəb, uşaq bağçası, inzibati və digər sosial obyektlər istifadəyə verilib.
Ümumilikdə, Suqovuşan və Talış kəndlərində aparılan bərpa-quruculuq işləri yaşayış fondunun və yol infrastrukturunun yenilənməsi ilə yanaşı, təhsil, səhiyyə, enerji, rabitə, kommunal xidmətlər və turizm sahələrini də əhatə edir.
