Sentyabrın 5-dən 21-dək meteor yağışları olacaq

Sentyabrın 5-dən 21-dək meteor yağışları olacaq

Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışını müşahidə etmək mümkün olacaq. Meteor yağışının ən aktiv dövrü isə sentyabrın 9-na təsadüf edəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, meteor yağışı paytaxtdan təxminən saat 19:32-dən etibarən şərq istiqamətində görünəcək və səhər saatlarınadək davam edəcək.

Müşahidə üçün ən uyğun vaxt sentyabrın 9-u gecəsi, xüsusilə gecə yarısından sonrakı saatlar və sübhə yaxın dövrdür. Hava şəraiti əlverişli olarsa, saat ərzində təxminən 4 meteor görmək mümkün olacaq. Maksimum aktivliyin Yeni Ay dövrünə yaxın olması səbəbindən Ay işığı müşahidələrə demək olar ki, təsir göstərməyəcək.

Meteor yağışını izləmək üçün xüsusi avadanlığa ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, qaranlıq ərazidə adi gözlə müşahidə aparmaq kifayətdir. Mütəxəssislər radianta birbaşa baxmaq əvəzinə ondan 30–40 dərəcə uzaqdakı səma hissəsinə yönəlməyi məsləhət görürlər.

ε-Perseidlərin atmosferə daxilolma sürəti saniyədə 64–65 kilometrə çatır. Meteor yağışının radiantı Persey bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir.

Bu meteor yağışının avqust ayında müşahidə olunan Perseidlərdən fərqli olduğu vurğulanıb. Avqust Perseidlərinin ana cismi 109P/Swift–Tuttle kometidir. Sentyabr ε-Perseidlərinin isə ana cismi hələ müəyyən edilməyib.

Müşahidə və orbital hesablamalara əsasən, meteorların uzunperiodlu və retroqrad orbitdə hərəkət edən, hələ kəşf olunmamış kometdən yarandığı ehtimal edilir. 2013-cü ildə qeydə alınan güclü aktivlik artımının təhlili də onların komet mənşəli olduğunu göstərib. Lakin indiyədək məlum kometlər arasında bu meteor yağışına uyğun gələn ana cisim aşkar edilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir