Şamaxının Meysəri kəndində V Üzüm və Şərab Festivalı keçiriləcək.
Festival sentyabrın 19-20-də Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə baş tutacaq.
Artıq beşinci dəfə keçiriləcək tədbirin əsas məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, məhsulların ixrac imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanda üzümçülük və şərabçılığın tarixi barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Meysəri kəndində yerləşən “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksində keçiriləcək festivalda müxtəlif şərab brendləri iştirak edərək məhsullarını təqdim edəcəklər.
İki gün davam edəcək tədbirdə ziyarətçilər Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, həmçinin turizm imkanları ilə tanış ola biləcəklər. Festival çərçivəsində müxtəlif əyləncə və şou proqramları da təşkil ediləcək. Proqramın detalları yaxın günlərdə açıqlanacaq.
Festivalı ziyarət etmək istəyənlər biletləri iTicket.az vasitəsilə əldə edə bilərlər.
