Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilsə də, Azərbaycanın bəzi bölgələrində yağış, leysan və dolu ehtimalı var.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeronda havanın temperaturu gecə 16-18°, gündüz isə 22-26° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.
Ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında isə arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağması mümkündür. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq.
Bölgələrdə mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 25-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-16° isti olacaq.
