Şəhid ailələrinə və müharibə iştirakçılarına mənzil, avtomobil və işlə bağlı vədlər verərək pul almaqda təqsirləndirilən Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun məhkəmə prosesi başa çatıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəraxını APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmə zərərçəkmişlərin təqdim etdikləri mülki iddiaları da təmin edib. Qərara əsasən, Tural Məmmədov dəymiş ziyanı ödəməlidir.
İttihama görə, Tural Məmmədov Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışdığı dövrdə həmin şəxslərə çoxmənzilli yaşayış binasından mənzil əldə etməyə kömək edəcəyini vəd edib. O, həmçinin müharibə iştirakçılarının ailə üzvlərini işlə təmin etmək üçün texniki avadanlıqlar veriləcəyini bildirib və bu vədlərlə onlardan müxtəlif məbləğlərdə pul alıb.
Bundan başqa, sabiq şöbə müdiri şəhid ailələrini və müharibə iştirakçılarını avtomobillə təmin olunmalarına kömək edəcəyinə inandıraraq aldadıb. O, bu əməllərlə bağlı külli miqdarda rüşvət almaqda da təqsirləndirilib.
Tural Məmmədova Cinayət Məcəlləsinin dələduzluq və rüşvət alma ilə bağlı bir neçə maddəsi üzrə, o cümlədən təkrar törədilən dələduzluq, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, xeyli miqdarda ziyan vurma və külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.
