Şəkidə taksi sürücüsünü döyən 22 yaşlı oğlan cinayət məsuliyyətindən azad edilib

Şəkidə taksi sürücüsünü döyən 22 yaşlı oğlan cinayət məsuliyyətindən azad edilib

Şəkidə 22 yaşlı oğlan taksi sürücüsünə xəsarət yetirib.

Xəbəraxını xəbər verir ki, hadisə Şəki şəhərinin Oğuz yolunda baş verib.

2004-cü il təvəllüdlü Hüseyn Şəki rayonunun Aşağı Göynük kəndindən Oğuz yolu küçəsinə aparan taksi sürücüsü Təbrizə 12 manat gediş haqqı əvəzinə 6 manat 50 qəpik ödəmək istəyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Mübahisə zamanı Hüseyn qəsdən əli ilə Təbrizin sifət və boyun nahiyəsinə bir neçə zərbə endirib və ona xəsarət yetirib.

Hüseyn barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmədə ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu il iyulun 2-də usta yanında fəhlə işləmək üçün Şəki şəhərinə getmək məqsədilə əvvəlcə Baş Göynük kəndindən Aşağı Göynük kəndinə kənd avtomobili ilə gedib. Oradan Şəkiyə nəqliyyat vasitəsi tapa bilmədiyi üçün taksi sifariş edib.

Təbriz onu Aşağı Göynük kəndindən götürərək Şəki şəhərinin Oğuz yolu küçəsinə aparıb və gediş haqqının 12 manat olduğunu bildirib. Hüseyn isə təxminən bir ay əvvəl eyni məsafəni başqa taksi ilə 6 manat 50 qəpiyə getdiyini əsas gətirərək həmin məbləği ödəmək istəyib.

Tərəflər arasında yaranan mübahisə zamanı Hüseyn əvvəlcə Təbrizin sifətinə şillə vurduğunu, daha sonra isə onun nalayiq ifadə işlətməsindən əsəbiləşərək gözünün alt nahiyəsinə yumruqla zərbə endirdiyini bildirib. Təbriz yerə yıxıldıqdan sonra ayağa qalxaraq onun üzərinə gəlmək istəyib və Hüseyn bu dəfə boyun nahiyəsinə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Hüseyn törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin müalicə və digər xərclərini ödədiyini və onunla barışdığını deyib. O bildirib ki, Təbrizin ona qarşı hər hansı şikayət və tələbi yoxdur.

Zərərçəkmiş Təbriz də hadisənin pul üstündə yaranan mübahisə nəticəsində baş verdiyini təsdiqləyib. O, Hüseynlə barışdığını, dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Hüseyn barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir