Azərbaycanda vəzifə başında olarkən rüşvət almaqda ittiham olunan iki sabiq hərbi vəzifəli şəxslə bağlı məhkəmə hökmü açıqlanıb. Onlar məhkəmə zalındaca həbs ediliblər.
Xəbəraxının APA-ya istinadən yaydığı məlumata görə, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə hökm oxunub.
Məhkəmənin qərarı ilə Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Məlumata görə, Məftun Xəlilov Kəngərli Rayon Şöbəsinin rəisi vəzifəsində çalışdığı dövrdə vətəndaşlardan təkrarən rüşvət almaqda ittiham edilib. O, vəzifəsindən azad edildikdən sonra həmin posta Habil Niftəliyev təyin olunub. Niftəliyev də oxşar əməllərdə ittiham olunub.
Hərbi Prokurorluq tərəfindən hər iki şəxsə qabaqcadan əlbir olan qrup halında və təkrar rüşvət alma ilə bağlı maddələr üzrə ittiham irəli sürülüb.
